Ətrafa geniş baxmaq lazımdır. Ətrafımızda 5-10 nəfər kitab oxuyan insan varsa, bu 10 milyon insanın onlar kimi zehniyyətə sahib olması demək deyil.
Hər şeyi dövlətdən istəmək də doğru deyil. Siyasətçinin işi xalqın istədiyini ona verməkdir. Çünki heç bir siyasətçi, lap elə dövlətin özü azlıqlara görə böyük çoxluğu itirmək istəməzdi. Amma mən iddia edirəm ki, biz nə istədiyimizi belə bilmirik.
İctimai təfəkkürü görmək üçün girib sosial şəbəkələrə, orda özünü ifadə edən insanlara baxın. Əksəriyyəti modern zehniyyətlə əlaqəsi olmayan potensial cinayətkarlardı. Təkrar edirəm çoxumuz homofob, patriarxat təfəkkürə sahibik. Dini və mentalitetin kölələri və onların yaratmış olduğu stereotiplərlə yaşayırıq. Çünki yenilikçi olmayan cəmiyyətdə stereotiplərə qarşı gəlmək, təcrid olmaq mənasına gəlir ki, bunu heç kəs gözə ala bilmir. Ona görə də çoxunuz "Camaat nə deyər" fikirləri ilə öz daxilinizdəki rəngarəng ehtirasları öldürüb yaşayırsınız.
Sosial sferada rəngarənglik istəyirsiniz, amma baxışlarınız ağ-qaradı. Demokratiyadan dəm vurursunuz, lakin demokratiyanın fəlsəfəsi, onun formalaşdırmış olduğu modernizmin hüquq sistemi sizə əxlaqsızlıq kimi gəlir.
Sosial şəbəkədə qınayırsınız; Filakənsi əri öldürdü, qaynatası doğradı, filakəsin qızı intihar elədi. Guya bu sizin ailədə olsaydı necə olacaqdı? Siz anlayış göstərəcəkdiniz? Xeyr, bu çoxumuzun evində elə bu cür də olacaqdı.
İnsanlığın keçdiyi sosial mərhələləri araşdırıb oxuyun. Zehniyyətin dəyişməsi, cəmiyyətin mədəniləşməsi ancaq təkamüllə mümkündür. İnqilabi dəyişiklik heç bir nəticə verə bilməz və əksinə xaosla nəticələnərdi. Ona görə də marginallaşanların uğurları mümkün olan deyil.
Cinayətlər olur, qadınlar qətl edilir, ya da cəmiyyət qadınları intihara sürükləyir. Səbəb sadədir; siz hamınız çox əxlaqlı olmaq istəyirsiniz deyə, insanlar ölür. Elə bir zamandır ki, əxlaq insan öldürür.
Lakin yeganə bir silahımız var; maariflənmə. Bu müstəvidə özünüdərkdən başqa heç bir alternativ işə yaramır. Hətta ölüm cəzası belə. Məsələn Hindistan pedofilyaya qarşı ölüm cəzası tədbiq edir, ancaq hər il onlarca uşaq zorakılığa məruz qalır. ABŞ-ın 31 ştatında ölüm cəzası tədbiq edilsə belə, edam cəzası olmayan ştatlarına nisbətən cinayət sayları azalmır.
Çünki bu sadədir. Sivilizasiyanın inkişafı, təhsilə, maariflənməyə və insani dəyərlərin səviyyəsinin artmasına bağlıdır. Mədəniləşməkmi istəyirsiniz? O zaman fərdi seçimləri, insan təbiətin qəbul edin, başqa düşün ki, heç kəs bu dünyaya sizin düşüncələrinzlə yaşayıb ölmək üçün gəlməyib.