MediaXeber.az

Azadlığım və sevgililərim... – Aysel Ələkbərzadə

475 Baxış
Azadlığım və sevgililərim...  – Aysel Ələkbərzadə
Atamı çox sevirəm... Yəni sevirdim. Uşaq vaxtı o işdən gələnə qədər yatmaz, gəlişini gözləyərdim.

Hər gecə evə gələndə əli dolu gələr, məni sevindirərdi. Təxminən 6 yaşıma qədər isə mən yatanda başımın altına hər gecə “kinder” şokoladı qoyar. Mən yuxudan oyananda, kinderi “su pərisi” gətirib deyərdi. Atam 21 yaşında ailə həyatı qurmuşdu. 22 yaşında isə mən dünyaya gəlmişdim. Xarici görünüşcə onun eynisiyəm... daxili olaraq da...
Mənim atam maraqlı adam idi... İllər keçdi, mən böyüdüm, atamla münasibətlərimiz mental çərçivəyə düşdü. İndi onun məni sevib – sevməməsi belə sual doğururdu. Hər şeyin üstündə xətrimə dəyir, məni aşağı görürdü. Uşaq vaxtı çox arıq olduğumdan mənə lağ edərdi... Təbii ki bunu özümə dərd bilərdim. Bu hadisə, təxminən, mən 8 – ci sinfə keçdikdən sonra baş vermişdi. Lakin onda da gecələr mən yatandan sonra otağıma gəlib, saçımı sığallayardı. Əllərində qəribə bir enerji var idi. Elə bil o əllər bütün bədənini bağışladardı...

Atamla gah çox səmimi, gah da çox soyuq olurduq. Amma onu sevməkdən heç zaman əl çəkməzdim. O mənim qəhrəmanım idi... Hamı ona heyran idi. Atam yaraşıqlı, hündürboy, dünyagörüşlü bir kişi idi. Lakin erkən evlilik, ailə və mental basqı, sonra da ailəni dolandırmaq məcburiyyəti onu sıxırdı... yaşından tez qocalırdı. Atam çox bacarıqlı idi... Bizə heç zaman maddi sıxıntı verməzdi. Əlindən gələnin ən yaxşısını edərdi. Amma başı problemdən heç əskik olmazdı. Gah polisdə, gah məhkəmədə idi... Bütün bunlar onun psixologiyasına zərbələr vurur, eləcə də bizim ailəmizi dərindən sarsıdırdı. İşsiz qaldığı vaxtlar da olurdu. Həmin zamanlar mənim məktəbdə oxuduğum zamanlar idi. Anam işləyir, o isə evdə bizə yemək bişirirdi. Çox gözəl noxudlu plov bişirirdi. Evə gəlib onun plovunun iyini hiss edəndə sevinirdim...Atamı 18 yaşımdan sonra görmədim... Və bir daha noxudlu plov yemədim..
Sonra çox qəribə şeylər olmağa başladı. Mən atama oxşayan bütün oğlanlara aşiq oldum. Mənim üçün fərqi yox idi o oğlan atamın mənfi, ya müsbət xüsusiyyətini daşıyır. Hətta əlləri onun əlləri kimi rahatlıq verir deyə, onunla eyni şəhərdə, rayonda doğulub deyə sevdiyim, ləhcəsi bənzəyir deyə heyran olduğum oğlanlar oldu... Və nə qəribədir ki, ən çox onun mənfi xüsusiyyətlərini özündə daşıyan oğlanlara aşiq olmağa başladım.. Sadəcə ondan ötrü o qədər darıxmışdım ki, ona bənzəyən hər insanı onun yerinə qoyurdum.. Və sonra... Və sonra özümə yaxın olan bütün oğlanlara onun haqda danışmağa başladım.. Məni sevən oğlanlar bunu bildikdən sonra onun yerini doldurmaq üçün daha çox cəhd etdilər... Kimisi başımı onun kimi sığallamağa çalışır, kimisi yastığımın altına “ kinder” qoyurdu.. Beləcə mən də atamı unutmağa başlamışdım. Amma gecələr.. Ən çox da intihar cəhdimdən sonra gecələr yuxularımı qarışdırmağa başladım. Hər dəfə atamla olan yaxşı, ya pis xatirələrimi görürdüm. Bir dəfə atamın rayonuna gedəndə 2 meyvə şirəsi almışdı mənə. O çöplü olanlardan.... Amma bunun dizaynı fərqli gəlirdi. O meyvə şirələrini çox sevmişdim. Yolda birini içib yatdım. Rayona çatanda digər meyvə şirəsini götürüb maşından düşəcəkdim. Amma... Amma meyvə şirəsi yox idi... Yoxa çıxmışdı. Atamla birlikdə maşını nə qədər axtarsaq da tapa bilmədik... Çox üzgün idim, axı onu mənə ATAM almışdı. Sonra bir daha elə dizaynlı meyvə şirəsi içmədim, nə də rastıma çıxmadı. Bunu danışdığım, hər an bu yuxunu gördüyümü bilən sevgilim təklif etdi ki, “ o rayona gedək və həmin meyvə şirəsindən tapaq”. Sakitcə razılıq verdim... Amma mövzu meyvə şirəsi deyildi axı... Mövzu atamın aldığı meyvə şirəsi idi...

Bu arada, etiraf edəcəm, arada atamdan kimisə özümə lap bağlamaq, kor – koranə aşiq etmək üçün də istifadə etmişəm. Məsələn, məndən sonra 3 ildir kimləsə münasibətə girməyən köhnə sevgilimə o qədər atamdan danışdım ki, özü də bilmədən içindəki sahiblənmə, sevmə hisləri qabarmışdı... Və mən onu atama oxşadırdım.. Amma tərk etdim.
Atam məni tərk edib deyə, ona oxşayan bütün oğlanları ilk olaraq mən tərk etməyə çalışıram. Beləcə həyatdan qisasımı aldığımı düşünürəm.

Hə bir də, çox içəndə ona yazıram... Sonra da blok edirəm. Cavab haqqı vermədən. Çünki cavabı mənə ən başda verməli idi.

İlk evliliyim bitəndə də atama çox ağladım. Əgər atam məni tərk etməsəydi, belə bir evlilik olmayacaqdı. Yadımdadı 17 yaşımda, universitetə qəbul olanda, mənim bir sevgilim var idi. Anam atama o haqda danışanda, atam demişdi ki, “ Əşi Ayseldi də, həvəsi keçəcək. Mən bu yaşda onu evləndirmərəm. Oxuyub , işləyəcək, ev, maşın sahibi olacaq, sonra istəsə evlənər”. Anamın da haqqın yeməyim ha.. O da ilk evliliyimə qarşı idi. Amma atam olsa, daha çox ərk edə bilərdilər.

Anam demişkən yadıma düşdü. Anam hər zaman atama oxşadığımı deyir. Lakin pis mənada. Mənsə heç zaman inkar etmirəm. Mən atamın qızıyam. Ortada genetika söhbəti var. Məncə qızların talelərini də ataları yazır. Yaxşı ata – yaxşı gələcək deməkdir. Mənim gələcəyim necədir bilmirəm, atam da yaxşı olub, ya pis onu da bilmirəm...
Bilinməzliklər məni yorur. Bəzən yanımdakı sevgilimə sırf atama görə pis davrandığım da olub, inkar etmirəm. Hətta içimdə hər zaman bir “ atılmaq” qorxusu da olub. Buna görə də kimsə atam kimi “ dur çıx evdən” deməmişdən əvvəl hər zaman özüm getmişəm. Çünki öz ayaqlarım üstündə durmağı öyrənmişəm. Atam sayəsində...

Doğrudur, atam sonra dediklərinə peşman oldu, lakin mən olanları heç zaman unutmadım. Və o hadisədən sonra. Mənə nə qədər “ yeşil gözlüm” desə də, səmimi qəbul etmədim. Amma o zamana qədər mənə “ qodux qızı qodux” deyəndə belə gülürdüm.. Atam səmimi idi, amma... Amma arada məni döyürdü...

Bu, utancvericidir , hə? Feminist bir qızın atası tərəfindən döyülməsi... Amma hər zaman qarşı çıxdım.... Etiraz etdim, gah evdən qaçaraq, gah özümə zərər verməklə hədələyərək. Eynən sevgililərimə etdiyim kimi.. Bu vərdişdir, ya xasiyyət, bilmirəm. Bircə onu bilirəm ki, ilk heyran olduğum kişi atam idi deyə, bütün münasibətləri ona və anamla onun münasibətinə uyğun yaşamağa başladım. Və davam da edirəm. Mən hər zaman elə bilirdim ki, bütün ailələr bizim kimidi, hamısında münaqişə, dava var.. Buna görə də münaqişəsiz ilişkini monoton hesab edirəm. Yəni necə olur ki, 2 insan hər gününü problemsiz yaşayır və darıxmır? Mənə mümkün gəlmirdi, ta kii... Eks sevgilim mənə “ sən xəstəsən, mən ailəmdə belə şey görməmişəm, davalardan bezdim” – deyənə qədər... Davadan bezmək olar? Bəs bizimkilər niyə bezmirdilər? Mən problemlərin mədəni yolla sona çatacağını düşünmürdüm. Ya gərək qarşındakının başına nəsə atasan, ya da əlbəyaxa olub, qışqırasan.. Bu mənə daha çəkici gəlirdi. Boş yerə deməyiblər ki “ Uşaq evin güzgüsüdür”... Mən evimin güzgüsünü sevgililərimin üzünə tutdum... Və tutmağa davam edirəm...

“ Gombul” seks işçiləri.... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – “ Gombul” seks işçiləri.... Oteldə boğulan psixologiya... Aysel Ələkbərzadə – Aysel Ələkbərzadə – Oteldə boğulan psixologiya... Azadlığım və sevgililərim...  – Aysel ƏləkbərzadəAzadlığım və sevgililərim... – Aysel Ələkbərzadə Sən demə Tac yox, qorxu öldürürmüş Laləzər Abbasova - Laləzər Abbasova - Sən demə Tac yox, qorxu öldürürmüş Sadiq Xəyanətkarlar...  –  Aysel ƏləkbərzadəSadiq Xəyanətkarlar... – Aysel Ələkbərzadə Şizofrendən gələn məktub...  - Aysel Ələkbərzadə yazır...Şizofrendən gələn məktub... - Aysel Ələkbərzadə yazır... Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Xəyalə Rəis - Xəyalə Rəis - Gəlin, Nizamini Afətlərdən qoruyaq!  Bakıdan kənarda həyat  - Alisa Poliker Abelson yazır... Bakıdan kənarda həyat - Alisa Poliker Abelson yazır... Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü - Ekskuliziv Tarix yazan igidlərimizlə Göyçay gənclərinin görüşü- Ekskuliziv İnsanlara verilən ləqəblər...  - Aysel Hacızadə yazırİnsanlara verilən ləqəblər... - Aysel Hacızadə yazır Şəhid Fərid Nadirov  - Qısa məlumatŞəhid Fərid Nadirov - Qısa məlumat Taryel Abdullayev yazır...  - Əxlaq insan öldürür...Taryel Abdullayev yazır... - Əxlaq insan öldürür...